Görücü Vanqa nənə - elmin və mistikanın dizini yerə gətirən 13 yaşlı
qız...
1911-ci il yanvar ayının 31-də o vaxtlar Yuqoslaviya, sonradan
Bolqarıstan ərazisi hesab olunan Strumitsa kəndində bir qız anadan oldu.
Vaxtından iki ay əvvəl doğulan qızcığazın ayaq və əl barmaqları
bitişik, bədəni isə zəif olduğundan, valideynləri onun yaşamasına belə
ümid etmirmişlər. 12 yaşında qızın həyatında onun gələcək taleyini
müəyyənləşdirən bədbəxt hadisə baş verir. Bu qız gələcəkdə görücü kimi
məşhurlaşacaq Vanqeliya Pandeva-Quşerova, yaxud Vanqa idi...
"Başıma kiminsə əli toxundu"
...Rəfiqələriylə gəzişən Vanqa birdən göy üzünü iri qara bir buludun
aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan qızların
arasından Vanqanı qasırğa ağuşuna alır. Sonradan görücü özü bu haqda
deyirmiş: "Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin
toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım
ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var..."
Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə
gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonrasa
bəbəkləri ağarmağa başlayır. Xəstənin gözlərində iki dəfə əməliyyat
keçirilsə də, nəticəsi olmur.
1925-ci ildə onu korlar evinə göndərirlər. Burada Vanqa Brayl
əlifbasını, pianoda ifa eləməyi, dərziliyi öyrənir. Üç ildən sonra anası
ölür, qız evə qayıdıb atasının və bacı-qardaşlarının qayğısını çəkməli
olur.
Vanqa özü zəhməti çox sevdiyindən, kiminsə boş yerə vaxt keçirməyini də
xoşlamazdı. Korluğa, böyük ailənin yükünün ağırlığına, kasıblığa
baxmayaraq, onların evlərində həmişə səliqə-sahman hökm sürürmüş.
Gümüşü paltarlı atlı
Bu gün Vanqanın ilk görücülüyünün nə vaxta təsadüf etməsini və nədən
ibarət olmasını dəqiqləşdirmək çətindir. Ancaq ədəbiyyatlarda və
xatirələrdə daha çox atasının itirdiyi qoyunların yerini deməsi haqda
danışılır. Deyilənlərə görə, bir dəfə atasının otardığı sürüdən bir neçə
qoyun itir. Ailəsinin yeganə gəlir mənbəyindən də mərhum olacaqlarından
qorxan atasının narahatlığını görən Vanqa ona deyir: "Sənin qoyunların
qonşu Monospitova kəndindəki Afanasın evindədir". Özünün də tanımadığı
bu adamın adını harada eşitdiyini soruşan atasına Vanqa "yuxuda görmüşəm
və eşitmişəm" cavabını verir. Ata qızının nişan verdiyi kəndə və həmin
adamın evinə gedib, qoyunların həqiqətən burada olduğunu görür...
Ətraf kənddəki insanların onun bacarığına inanmağa başlamaları Vanqanın
ilk qlobal görücülüyü ilə baş tutub. Hələ yeniyetməlik vaxtlarından
gözlərinə cəngavər geyimli atlının göründüyünü deyən Vanqa, 1941-ci ildə
həmin atlını bir daha görür. Özünün dediyinə görə, ay işığı altında
parıldayan gümüşü geyimli bu atlı onun qaranlıq otağına daxil olan kimi
hər tərəf işığa bələnib. Atlı Vanqaya tərəf dönür və deyir: "Tezliklə
dünya çalxanacaq və çoxlu xalqlar tələf olacaq. Sən burada qalacaq,
ölənlər-qalanlar haqda görücülük edəcəksən. Qorxma! Mən sənə adamlara
deyəcəklərini söyləyəcəyəm".
Bu sözləri eşidən Vanqa bacısından soruşur: "Sən buradan bir atlının
necə çıxdığını gördünmü?"
"Nə atlı, yəqin yuxu görmüsən" deyə bacısı cavab verir. Ancaq bacısının
yuxu hesab elədiyi bu olaydan təxminən iki ay sonra - aprel ayının 6-sı,
1941-ci ildə alman qoşunları Yuqoslaviya sərhəddini keçir...
Hər şey məhz Vanqanın gözünə görünən atlının dediyi kimi olur.
Müharibənin başlanmasıyla doğmalarının taleyindən narahatlıq keçirən
insanlar onun yanına gəlirlər. Şahidlərdən biri yazır: "Balaca otaqda
küncdə oturmuşdu. Səsi gur və güclü idi. Yamaqlı paltarı belə onun
bədəninin gərginliyini gizlədə bilmirdi. Kor gözlərindən boşluq yağsa
da, üzündən sanki nur tökülürdü".
Beləcə, Vanqa kömək üçün yanına gələn insanlara səfərbərliyə cəlb
olunmuş kişilərin vuruşduqları yerləri, başlarına gələn hadisələri
dəqiqliklə söyləyir. Deyilənlərə görə, bu öngörümlər düz bir il davam
edib və bu bir il ərzində Vanqa sutkada 2-3 saat yuxu yatıb. Onun
görünüşü hamını heyrətə saldığından, yanına gələnlər görücünün
qarşısında dizüstü oturmağa üstünlük verirmişlər.
Qadının uzaqgörənliyi haqda xəbər ətraf kəndlərə yayıldıqca, yanına
gələnlərin sayı xeyli artır. Az keçmir, müxtəlif xəstəliklərlə bağlı da
ona müraciət etməyə başlayırlar. Adamlar onun barəsində artıq qorxu
qarışıq hörmətlə danışırdılar. Ancaq birmənalı şəkildə Vanqanın
görücülüyünü şər qüvvələrlə bağlayanlardan tutmuş, ilahi qüvvənin
möcüzəsi hesab edənlərədək hamı onun görücülüyünün nə qədər dəqiqliklə
yerinə yetdiyinə heyran qalırdılar.
Beləcə, Vanqa haqqında yarıhəqiqət, yarıfantaziyadan ibarət bir mif
formalaşırdı.
Sədaqətli Vanqa
Vanqanın qeyri-adi qabiliyyəti barədə xeyli ədəbiyyatlar olsa da, onun
şəxsi həyatı çox vaxt ikinci plana keçir. Ancaq burada da xeyli maraqlı
məqamlar mövcuddur. Bir dəfə onun yanına Dmitri Quşterov adında bir
əsgər gəlir və quldurlar tərəfindən öldürülmüş qardaşının qatillərinin
yerini soruşur. Elə evinin astanasındaca Vanqa Dmitriyə deyir: "Bilirəm,
niyə gəlibsən. İstəyirsən, qardaşının qatillərinin yerini deyim. Ola
bilsin, bunu sənə nə vaxtsa deyərəm, ancaq gərək mənə söz verəsən ki,
qisas almayacaqsan. Çünki indi lazım deyil. Sən onların sonunu özün
görəcəksən".
Bu hadisədən bir müddət sonra - aprelin 20-də Vanqa bacısına Dmitrinin
onunla evlənmək üçün kəndə gələcəyini bildirir. Həqiqətən, 1942-ci il
may ayının 10-da Dmitri onunla evlənir və gənc ailə Petriç şəhərində
məskən salır.
Bir müddət sonra Dmitri səfərbərliyə alınaraq, Yunanıstana aparılır.
Vanqanın səfərqabağı ərinə bircə məsləhəti olur: "Sudan özünü gözlə!"
Həqiqətən, bir neçə il sonra Dmitri də daxil, Yunanıstandan salamat
dönən döyüşçülərin hamısı döyüşlər vaxtı bataqlıq suyundan içdikləri
üçün uzun illər yatalaqdan əziyyət çəkirlər. Dmitri 1962-ci ildə elə bu
xəstəliklə də yatağa düşür. Şəfaverici Vanqa sevimli Dmitrisinin bu
xəstəlikdən qalxmayacağını bildiyindən əlindən ancaq ağlamaq gəlir.
Xəstənin başının üstünü bir an belə tərk eləməyən Vanqa ərinin ölümüylə
dərin yuxuya gedir, bir də mərhumun dəfni zamanı ayılıb deyir: "Mən onu
qalmalı olduğu yerə qədər ötürdüm".
Həmin vaxtdan Vanqa həyatının sonuna qədər dul qadınlara xas qara rəngli
yaylıqla gəzir...
"Xalq hakimiyyəti üçün faydalı insan"
Vanqanın həyatı xeyli keşməkeşli olub. Kommunistlərin hakimiyyətə
gəlişindən sonra görücü həm dövlət məmurları, həm də din xadimləri
tərəfindən təzyiqlərlə qarşılaşır. Birincilər hesab edirdilər ki,
Vanqanın görücülüyü insanların sosializm quruculuğu yolunda işlərinə
maneçilik törədir, ikincilərsə onu şeytanın elçisi hesab edirdilər.
1952-ci ildə Vanqa Stalinin 6 ay sonra öləcəyi barədə kiminsə yanında
ağzından söz qaçırır. Bədxahlar tərəfindən görücünün bu sözü lazımi
yerlərə çatdırıldıqdan sonra onu həbs edirlər. Təbii ki, öncəgörüm düz
çıxmasaydı, yəni Stalin 1953-cü ildə ölməsəydi, görücünün nə vaxta qədər
həbsxanada qalacağı da bilinməzdi.
Sonda onu bu kimi problemlərdən təsadüfi bir hadisə xilas edir. Hansısa
yüksək rütbəli dövlət məmurunun içində məxfi materiallar olan çantası
itir. Bütün hüquq-mühafizə orqanları ayağa qaldırılsa da, itmiş çanta
tapılmır. Axırda əli hər yerdən üzülmüş məmur Vanqanın yanına gəlir.
Görücü ona gizlədilmiş çantanın yerini deyir. Bolqar hökuməti isə
Vanqaya təşəkkür əlaməti olaraq "xalq hakimiyyəti üçün faydalı insan"
xarakteristikası verir.
Həmin olaydan sonra Bolqarıstan rəhbərliyi bu möcüzənin qarşısını
almaqdansa, Vanqanın özünəməxsus seanslarını leqallaşdırmaq qərarına
gəlir. Dövlət onun evinin yanında xəzinə qutusu qoyur və görücünün
xidməti üçün məbləğ müəyyənləşdirir. Vanqanın yanına gələn hər bolqar 10
lev, əcnəbilər isə 50 dollar ödəməli idilər. Rəsmi statistikaya görə,
bu qərar nəticəsində yalnız 1990-cı ildə dövlət xəzinəsinə 9 milyon
levdən çox pul daxil olmuşdu.
Vanqanın fəaliyyəti üçün ən böyük imkan sabiq bolqar rəhbəri Todor
Jivkovun qızı tərəfindən yaradılıb. Lüdmila Jivkovanın qızı Jenya
Jivkova bu haqda deyir: "Mənim anam Lüdmila Jivkova partiya rəhbərliyi
arasında böyük nüfuz sahibi olmaqla yanaşı, həm də hərtərəfli
dünyagörüşünə və təhsilə malik, Şərq təlimləriylə maraqlanan bir qadın
idi. Məhz onun təşəbbüsü ilə professor Lozanovun başçılığı altında Vanqa
fenomeninin elmi şəkildə araşdırılmasına başlandı. Vanqaya hətta dövlət
qulluqçusu kimi 200 levlik təqaüd də təyin olunur".
Fırıldaqçı loğman qovuldu
Bu xeyirxah kəndli qadını insanların əllərindəki şəkər parçası ilə
onlara talelərindən xəbər verir, əvəzindəsə sevgiylə verilən istənilən
xırda hədiyyəni götürərək, onları tez-tez sığallamaqdan zövq alır,
bircə-bircə bu hədiyyələrin kim tərəfindən verildiyini xatırlayırdı.
Bacısı Lyübka Pandeva söyləyir: "Həyatının sonuna qədər südəmər uşaqlar
kimi onun əmgəyi bitişmədi. Maraqlıdı ki, Vanqa da həmişə özünü 13
yaşında uşaq kimi hiss etdiyini deyirdi".
Vanqa yalanı sevməzdi. Ekstrasens adı altında fırıldaqçılıq edənlərə
qarşı isə lap amansız idi. Onun həmin dövrlər Sovetlər Birliyində
ekstrasensliklə məşğul olan Çumakı və Kaşpirovskini qovduğu hamıya
məlumdur.
70-ci illərdə "rentgen adam" kimi məşhur olan Qrabov soyadlı fırıldaqçı
ilə görüş isə həmin dövrün mətbuatında əsl sensasiyaya çevrilmişdi.
"Bütün xəstəlikləri otlarla müalicə edirəm" deyən bu adama Vanqa qapısı
ağzında növbəyə durmuş istənilən bir adamı seçib diaqnoz qoymağı və
müalicə yolunu göstərməyi xahiş edir. Qrabov bir oğlanın üstündə
dayanaraq Vanqanı inandırmağa çalışır ki, bu uşağı çobanyastığı ilə
müalicə edə bilər. Qrabov xəstənin atasına oğlunu müalicə edə biləcəyi
haqda danışır. Bəlkə də fırıldaqçı loğman Vanqanın tezliklə uşağın
xəstəliyini təyin edə bilməyəcəyinə ümid bəsləyirmiş. Ancaq çox az-az
özündən çıxan görücünün cavabı sərt olur. "Səfeh, xərçəngi çobanyastığı
ilə müalicə etmirlər, bu müalicə sənə yaraşır" deyən Vanqa Qrabovu
evindən qovur.
Deyilənə görə, bu hadisədən sonra Vanqa o qədər mütəəssir olur ki,
özünün yazılmamış qanunlarını pozaraq, uşağın atasına ikinci oğlunu da
bu xəstəliyin gözlədiyi haqda xəbər verir...
Ümumiyyətlə, Vanqa mümkün olduğu qədər insanlara acı həqiqətləri deməz,
onlara müəyyən ümid yeri qoyardı.
Ancaq o, belə olaylardan sonra günlərlə özünə gəlməz, acıqlı-acıqlı
gəzişərmiş...
"Ştirlits”in unutduğu zəngli saat
Vanqayla görüşən elm-mədəniyyət adamlarının, məşhur aktyorların, dövlət
xadimlərinin xatirələrində görücünün qabiliyyətlərinin müxtəlif yönləri
haqda xeyli material var.
Hamımızın "Baharın 17 anı" bədii filmindən daha çox tanıdığımız məşhur
aktyor Vyaçeslav Tixonov 1979-cu ildə Vanqanı ziyarət etməyə gəlir.
Aktyor içəri girən kimi Vanqanın sualı ilə qarşılaşır: "Sən nəyə görə
dostun Yuri Qaqarinin arzusunu yerinə yetirmədin? Axı, son uçuşundan
qabaq sənə zəngli saat almağı xahiş etmişdi".
Deyilənə görə, aktyor bu sözlərdən sonra o qədər həyəcanlanıb ki, ürək
dərmanı qəbul etməyə məcbur olub.
Məsələ burasındaymış ki, vaxtilə bu söhbət yalnız onların ikisinin
arasında olubmuş və Qaqarin ona özünə bir zəngli saat almağı məsləhət
görübmüş. Ancaq ilk kosmonavtın ölümündən sonra aktyor bu haqda sadəcə
unudur. Bunu Vanqaya söyləyəndə, görücü ona deyir: "Hamı bilməlidir ki,
Qaqarin ölməyib, onu tutublar". Kim tərəfindən tutulmağını isə Vanqa
demir...
Uzun illər Vanqanın yanında işləmiş loğman Lüdmila Kim xatırlayır:
"1990-cı ildə Vanqa xəstələnəndə, onu ziyarət etmək üçün Rupiteyə
getdim. Petriç şəhərinin meri məndən görücünün nə qədər yaşaya
biləcəyini soruşdu. Dedim ki, istərdim, 100 il yaşasın, ancaq məncə, 19
il yaşayar. Bundan sonra Vanqa yuxuma girdi və mənə dedi: "Lyüda,
düşünürsən ki, 19 il yaşayacağam, ancaq mənim bundan sonra 6 il yer
həyatım qalıb". Ümumiyyətlə, Vanqa çox vaxt mənim yuxuma girir və onun
yuxuda dedikləri həyatda həqiqətən, baş verir".
Vanqanın ölümündən sonra isə Lüdmila Kim şahidlərin hamısının təəccübünə
səbəb olan hadisənin iştirakçısına çevrilib. Vanqanın yuxuda ona özünün
illər əvvəl sağaltdığı xəstə oğlu ilə qəbrinin üstünə qırmızı parça
salmaq tapşırığını yerinə yetirərkən, kənardan bu ayini lentə köçürənlər
şoka düşürlər: baş daşının üstünə sərilmiş parça Vanqanın üz
cizgilərini xatırladan forma alır...
Görücünün məşhur gürcü ekstrasensi Cuna Davitaşvili ilə görüşü də çox
maraqlı olub. Cuna deyir ki, onunla birinci dəfə görüşəndə 12 ildən
sonra ona çox ağır olacağını deyib: "Həqiqətən, düz 12 ildən sonra oğlum
avtomobil qəzasına düşərək həlak oldu. Mənim Vanqa ilə münasibətlərim
çox yaxşı olub. Onun bir xüsusiyyəti vardı ki, çox zaman qəbul etdiyi
xəstələrin sadəcə, əlindən tutar və xəstəliyini təyin etdikdən sonra
onları digər həkimlərin yanına göndərərdi. Mənim yanıma da çoxlu belə
xəstələr göndərib".
Vanqanın xidmətlərindən bir sıra dövlət rəhbərlərinin faydalandığı haqda
məlumatlar olsa da, belə görüşlər tam məxfi şəkildə keçirildiyindən, bu
gün bunların həqiqətən baş verib-vermədiyini söyləmək çətindir. Ancaq
Brejnevin onun yanına gəlməsi barədə 90-cı illərin əvvəllərində Bolqar
mətbuatında materiallar gedib. Yazılanlara inansaq, məlum olur ki,
Brejnev o dövrlər SSRİ-nin "16-cı respublikası" adlandırılan
Bolqarıstana sonuncu səfərində Vanqanın yanına gəlir və içəri girən kimi
ondan "bilirsənmi, mən kiməm" deyə soruşur. Vanqa isə ona "bilirəm, sən
böyük rəissən" deyə cavab verir. Dünyanın ən böyük dövlətinin
rəhbəriylə görücünün söhbəti 2 dəqiqədən də az çəkir...
Öngörümlər
Təbii ki, onun bütün öngörümləri haqda danışmaq mümkün deyil. Təsəvvür
edin ki, Vanqa fenomenininin tədqiqatçısı professor Rozanov belə
olaylardan 7 minini toplayıb. Ancaq hamıya tanış olan bir neçə məşhur
öngörüm və bu deyimləri yozan tədqiqatçıların, həmçinin şahidlərin
açıqlamalarından nümunələrlə Vanqanın qabiliyyəti barədə kifayət qədər
təsəvvür oyatmaq mümkündür.
1942-ci ildə Vanqa Bolqar çarı Borisə deyir: "Sənin hakimiyyətin
genişlənəcək. Ancaq özünü 28 avqust tarixli günə hazırla". 28 avqust
1943-cü ildə Bolqar çarı Boris vəfat etdi.
1968-i ilin yanvar ayında Vanqa deyir: "Praqanı xatırlayın. Praqa
tezliklə akvariuma dönəcək, sərsəmlər burada balıq tutacaqlar. Bəli,
bəli, məhz belə də olacaq". 1968-ci ilin avqustunda Sovet qoşunları
Çexoslovakiyaya girdi.
1989-cu ildə Vanqa xəbərdarlıq edir: "Qorxu, qorxu! Amerikalı əkiz
qardaşlar onlara tuşlanmış dəmir quşların təsirindən yıxılacaqlar.
Günahsız insan qanı axacaq".
2000-ci ildə terrorçuların təyyarələrlə hücumundan sonra Amerikada Dünya
Ticarət Mərkəzinin "əkiz bina"sı dağılır, xeyli günahsız insan tələf
olur.
90-cı ilin əvvəlində Rusiyada siyasi çəkişmələr dövründə Vanqa deyir:
"Hamı elə bilir ki, onun Rusiyada mövqeləri hələ güclüdür. Ancaq
hakimiyyətə ən az səs toplayanlardan biri gələcək". Həqiqətən, bir neçə
aydan sonra heç kimin gözləmədiyi halda Rusiyada hakimiyyətə Boris
Yeltsin gəlir.
1980-ci ildə Vanqa atom qorxusundan bəhs edir: "Kiyev yaxınlığında böyük
bir partlayış olacaq. İnsanlar bu partlayışdan illərlə əziyyət
çəkəcəklər". Bir neçə il sonra bütün dünyanı dəhşətə gətirən Çernobıl
Atom Elektrik Stansiyasında qəza baş verdi.
Bu öngörümdən sonra isə çoxları qoca görücünün ağlını itirdiyini
düşünürdülər: "Əsrin axırında, ya 1999, ya da 2000-ci ildə Kursk su
altında qalacaq və bütün dünya ona matəm tutacaq". Bəli, insanlar Kursk
kimi bir şəhərin su altında qalacağı barədə deyilənə bir az da istehza
ilə yanaşmışdılar. Ancaq düz 20 il sonra Rusiyanın "Kursk" atom sualtı
gəmisi həqiqətən su altında qaldı...
"Bizlərə qalan sevgi olacaq"
Vanqa həyatının son 20 ilini Petriçin 10 kilometrliyində yerləşən Rupite
adlanan qəsəbədə keçirib. Yerli sakinlər deyirlər ki, Vanqanın gəlişinə
qədər Rupiteyə aparan bu yolda ildə bir neçə dəfə ölümlə nəticələnən
yol qəzaları olurmuş. Onlar Vanqanın yanına məsləhət gəlirlər. Görücü
yola şəkər tozu alıb səpməyi məsləhət görür. Bundan sonra həmin yolda
bir dənə də qəza baş vermir.
Vanqa məhz bu yerdə illərdən bəri arzusunda olduğu məbədin ucaldılması
işinə başlayır. Müqəddəs Pyotrun adını daşıyan bu məbədin yerləşdiyi
məkana gələn insanlar Vanqanın buranı əbəs yerə seçmədiyinə inanırlar.
Həqiqətən, ətrafdakı sakitlik, həzinlik, relyefin qeyri-adi görünüşü
qəbri burada yerləşən xeyirxah Vanqanın ruhu ilə bir uyğunluq təşkil
edir. Görücünün bacısı qızı Krasimira Stoyanovanın sözlərinə görə, Vanqa
həmişə bu yerlərdə yerdən kənar qüvvələrin təsirini hiss etdiyini
deyərmiş.
Arxitektura baxımından ənənədən xeyli uzaq olduğundan, əvvəlcə dini
dairələrdə məbədin bu şəkildə tikilməsinə ciddi etiraz ediblər. Memarlar
isə deyirmişlər ki, indi orta əsrlər yox, XX əsrin sonu olduğundan,
belə kənaraçıxmalar dindən sapma sayılmamalıdır. Nəhayət, ali dini
qurumdan mitropolit gəlir və məbədin kilsə qanunları ilə açılışını
həyata keçirir. Görücünün bacısı qızı həmin günü belə xatırlayır: "Elə
bil, Vanqaya ikinci həyat vermişdilər. Adamların arasında dayanıb,
sakitcə, bir az da kədərlə açılışı gözləyirdi. Ətrafda baş verənlərə elə
tez reaksiya verirdi, hərdən mənə elə gəlirdi ki, bütün baş verənləri
gözləriylə görür. Zarafat deyildi, düz 20 il həsrətində olduğu arzusu
həyata keçirdi. Özünün uzun həyatı və ölümü, həmçinin insanların
müqəddəs sayaraq gəldikləri bu məbədlə Vanqa bir daha sübut etdi ki,
adamların qəzəbləri də, kinləri də, ötəridir, bizlərə qalan sevgi
olacaq..."
"İnsanların faciələrini yaşayıram"
Onun ölüm yatağı düz iki ay çəkir. Sofiyanın dövlət xəstəxanasına
gətirilən Vanqa "hər şey Tanrının iradəsiylə olacaq" deyərək, tibbi
yardımdan imtina edir. Həkimlər bu müddət ərzində görücünü yalnız
venadaxili inyeksiyalarla saxlayırlar. 80 yaşlı qadın ölümündən qabaq
komadan ayılır və öz qabiliyyətlərini Fransadan olan bir qıza ötürdüyünü
deyir. 1996-cı il avqustun 11-də Vanqa vəfat edir.
Şahidlər onun ölümqabağı son sözlərinin bütün bəşəriyyətə ünvanlandığı
qənaətindədirlər: "Çəkişmələrə son verin, bir-birinizi sevin".
Deyirlər, Vanqanın yorğun üzü qırışlarla doluymuş. Tədqiqatçılardan
birinin hesablamasına görə, bütün həyatı boyu o, milyona yaxın insanın
taleyini oxuyub, 7 mindən artıq uşağın xaç anası olub. Bu baxımdan,
simasındakı yorğunluq və kədər təbii ki, başadüşüləndir. Böyük görücünün
özü bunu belə etiraf edirdi: "Siz gecələr yatırsınız, mən isə bəşər
varlığının səhifələrini vərəqləyir və insanların faciələrini
yaşayıram..."
|